Orta Dəhlizin ortaq problemləri: Hansı həllər var | (Videomüsahibə)

16:17     10.01.2024     5703

Orta Dəhlizin üç əsas iştirakçı ölkəsi olan Azərbaycan, Gürcüstan və Qazaxıstanla bağlı məsələlərin təhlilinə yönələn hesabatda 2021-ci illə müqayisədə ötən il Orta Dəhlizdə yük daşımalarının 33% artdığı bildirilir. Qeyd olunur ki, dəhlizin tam gücü ilə fəaliyyət göstərəcəyi halda 2030-cu ilə qədər iştirakçı ölkələrin arasında olan ticarətin 60%-dən çoxu Xəzər dənizi boyunca həyata keçiriləcək.

Lakin müsbət məqamlarla yanaşı, hazırda dəhlizin bütün potensialından istifadə olunmasını əngəlləyən bir sıra problemlərin mövcudluğu da vurğulanır. Əsasən, həm Xəzər, həm də Qara dəniz limanlarındakı əməliyyatların effektivliyinin aşağı olması, bütün dəhliz boyu dəmiryolu infrastrukturunda problemlər, sərhəd-keçid məntəqələrində gecikmələr, layihədə iştirak edən ölkələrin müasir texnologiyadan istifadə səviyyəsinin aşağı olması, inteqrasiya sisteminin yaradılmaması və sənədləşmə işlərinin xeyli vaxt aparması kimi maneələr sadalanır. Daha bir vacib məqam isə vahid gömrük və daşınma tariflərinin işlənib hazırlanması məsələsidir.

AzVision.az -a müsahibəsində iqtisad elmləri doktoru, professor Elşad Məmmədov Xəzər və Qara dəniz limanları üzərindən daşınmanın təşkili, rentabellik göstəricilərinin, iqtisadi effektivliyin lazımi səviyyədə olmaması ilə bağlı yanaşmanın müəyyən qədər əsasının olduğunu vurğulayıb. Onun fikrincə, xüsusilə də Gürcüstan limanlarının təklif etdiyi tariflər olduqca yüksək və rəqabət qabiliyyətli deyil. Bununla bağlı çevik tarif mexanizmlərinin tətbiqinə ehtiyac var. Əks halda nəqliyyat-logistika sferasındakı rəqabət şəraitində bütövlükdə Orta Dəhlizin rəqabət qabiliyyəti kifayət qədər ciddi təzyiqlərə məruz qala bilər.

- Bu gün tarif siyasəti o qədər də effekt vermir. Biz digər mexanizmləri tətbiq etməliyik ki, həm Orta Dəhliz üzərində yerləşən ölkələrin dividendləri artsın, həm də əmtəə dövriyyəsinin, yükdaşımaların artan xətt üzrə inkişaf etməsi təmin olunsun. Son nəticədə bu həm Xəzər, həm də Qara dəniz üzərindən yükdaşımaları effektiv edəcək. Bu da həmin ölkələrin iqtisadi maraqları çərçivəsindədir. İqtisadi dividendlərin artması üçün ilk növbədə bu dəhlizlər üzrə yükdaşımaların yaxın perspektivdə artmasına nail olmaq lazımdır. Bunun üçün bir tərəfdən çevik tarif siyasətinə, digər tərəfdən yükdaşımaların artmasına istiqamətlənmiş stimullaşdırıcı tədbirlərə ehtiyac var.



- Dəhliz boyunca dəmir yolu strukturundakı vəziyyəti necə dəyərləndirərdiniz? Bu sahənin inkişafı üçün nələrə diqqət yetirmək lazımdır?
- Dəmir yolu daşımaları üzrə effektivlik göstəricilərinin artırılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Burada həm texnoloji, həm də ənənəvi problemlər mövcuddur. Müxtəlif dövlətlərin dəmir yolu xətlərinin texnoloji fərqləri də var.
Ölkələrin maliyyə-investisiya potensiallarının fərqli olması da problemləri qabarıq şəkildə ortaya çıxarır. Yəni həm texnoloji nöqteyi-nəzərdən, həm də maliyyə-investisiya və iqtisadi potensial, iqtisadi siyasət baxımından ölkələr arasında fərqlər mövcuddur.
Amma çevik tarif siyasəti və digər stimullaşdırıcı tədbirlər, kvotalar, güzəştlər tətbiq edilərsə, bir çox problemlərin aradan qaldırılması mümkündür. Bunun üçün həm milli dəmir yolları üzərindən daşınmaları həyata keçirən operatorlar, həm də milli tənzimləyici qurumlar və nazirliklər effektiv şəkildə əməkdaşlıq etməli və daşınmaların artmasına şərait yaradan qərarların qəbuluna nail olmalıdırlar.

- Orta Dəhlizin üzləşdiyi başqa hansı problemlər var və onların aradan qaldırılması üçün nələrə diqqət yetirilməlidir?
- Orta Dəhlizin digər dəhlizlərlə müqayisədə daşınma sürəti baxımından problemləri mövcuddur. Bunlar xeyli dərəcədə buraxılış-keçid məntəqələrində və gömrük infrastrukturundakı çətinliklərlə bağlıdır. Belə ki, müxtəlif ölkələrin gömrük infrastrukturu, buraxılış-keçid məntəqələrindəki elektronlaşma göstəriciləri təbii ki, müxtəlifdir. Burada həm iqtisadi potensial nəzərə alınmalıdır, həm də idarəetmənin effektliyi. Bütövlükdə Dəhlizin yükdaşıma sürəti innovativ qərarların, rəqəmsallaşmanın nə dərəcədə effektiv tətbiq edilməsindən asılı olacaq.
Azərbaycanda gömrük infrastrukturu, buraxılış-keçid məntəqələrinin rəqəmsallaşdırılması ilə bağlı innovativ yanaşmalar tətbiq olunmaqdadır. Bu təcrübə digər ölkələrdə də yayılmalı və tətbiq edilməlidir. Bunun üçün əgər həmin ölkələrdə iqtisadi resurs bazası yetərli deyilsə, regional investisiya mərkəzlərinin fəaliyyət göstərməsi vəziyyətdən çıxış yolu ola bilər. Çünki son nəticədə daha effektiv yükdaşımaların həyata keçirilməsi Dəhliz üzərində yerləşən bütün ölkələrin marağındadır. Ona görə də, müvafiq investisiya institutlarının yaradılması barədə düşünmək lazımdır. Bu istiqamətdə atılacaq addımlar Dəhlizin effektivliyinə xeyli müsbət təsir göstərə bilər.

- Orta Dəhlizin tam layihə gücü ilə işləməsi üçün Azərbaycan, Qazaxıstan və Gürcüstan hansı müştərək addımları atmalıdırlar?
- Orta Dəhliz Azərbaycan, Qazaxıstan və Gürcüstan iqtisadiyyatlarının şaxələndirilməsi nöqteyi-nəzərindən böyük önəm daşıyır. Əgər milli iqtisadiyyatların strukturuna nəzər salsaq, diversifikasiya ilə bağlı çağırışların mövcud olduğunu görərik. Orta Dəhlizin reallaşdırılması həm də ölkələrin ixrac imkanlarına müsbət təsir göstərəcək.
Eyni zamanda, tranzit imkanlarını da dəyərləndirmək lazımdır. Bu, əlavə valyuta daxilolmaları və xarici ticarətin bir qədər də şaxələndirilməsi deməkdir. Bu gün xüsusilə Azərbaycan və Qazaxıstan iqtisadiyyatlarına nəzər salsaq, görərik ki, çox böyük resurs bazası var. Xarici ticarət baxımından hansısa problemlərin olması müşahidə edilmir. Amma ölkə başçısının dəfələrlə bildirdiyi kimi, bizim üçün ixracatın şaxələndirilməsi ən önəmli məsələlərdən biridir. Azərbaycan üçün qeyri-neft, qeyri-xammal ixracatı prioritet istiqamətdir. Nəqliyyat-logistik dəhlizlər milli iqtisadiyyatımızın bu istiqamətdə inkişafına təkan verəcək.

Resurs bazası zəif olan Gürcüstanın bu tip layihələrin reallaşdırılmasına ehtiyacı daha çoxdur. Son onilliklər ərzində məhz beynəlxalq layihələrdə iştirakı Gürcüstan iqtisadiyyatının dayanıqlığına xeyli təsir göstərib. Orta Dəhliz Gürcüstan üçün bu istiqamətdə böyük dəstək mexanizmidir.

- Sizcə, Orta Dəhlizin təbliği baxımından informasiya dəstəyi yetərlidirmi?
- İnformasiya müstəvisində effektiv mübarizənin aparılması da ölkəmizin iştirak etdiyi layihələrin irəliləməsi baxımından olduqca mühümdür. Rəqabət mühiti həm də informasiya müstəvisində mübarizəni kəskinləşdirir. Alternativ dəhlizlərin inkişafında maraqlı olan mərkəzlər informasiya müstəvisində digər layihələrlə bağı tənqidi fikirlər yayırlar. Buna hazır olmaq lazımdır. Ölkəmzin iştirak etdiyi nəqliyyat-logistik dəhlizlərin informasiya təminatı ilə bağlı müvafiq siyasətin aparılması bu sahədəki rəqabət imkanlarımızı xeyli gücləndirə bilər.

Sahil İsgəndərov
AzVision.az

Digər videolar